Reinkarnasiya

Reinkarnasiya rəssamların əsərlərində

Reinkarnasiya — (lat. reincarnatio) və ya metempsixoz (yun. μετ-εμψύχωσις) — ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi.

Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bəziləri onun yarandığı yer olaraq Misiri, bəziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda kelt və Skandinaviya xalqlarında, MayyaAstek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır, lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reinkarnasiya inancının olduğu nəticəsinə gəlmişlər. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim məlumat eramızdan 60–10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar . Onlardan bir qədər sonra, yəni eramızdan 4 min il əvvəl Amerika qızıldərilərindən Dokato, Mohave və Navotez tayfalarında reinkarnasiyanın izi görünməkdədir. Belə ki, onlar öldükdən sonra ruhun "xoşbəxt ov sahəsi"nə gedəcəyinə inanırdılar. Buna oxşar inanışlar Skandinaviya xalqlarında, keltlərdə, Qrenlandiya eskimoslarında da var idi. Eskimoslar insanın üçlükdən – vücud, ruh və addan ibarət olduğuna inanırdılar. Onlara görə insan öldükdən sonra vücud çürüyüb getsə də, ruh başqa bədənlə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni doğulan körpəyə qoyduqda isə onun adı dirilmiş olur.

Misirə gəldikdə isə buranı reinkarnasiyaya inam baxımından Xanədanlardan əvvəl (e.ə. 3500-cü ilə qədər) və Xanədanlar dövrü (e.ə. 3500-cü ildən eramızın 640-cı ilinə qədər) deyə iki şəkildə ələ almaq lazımdır. Xanədanlardan əvvəl Misirdə aborigenlər ölüləri basdırarkən üzlərini bir səmtə çevirirdilər. Sonra isə ruhun yenidən dünyaya gələcəyinə inandıqları üçün, cəsəddən bir parça kəsərdilər ki, ruh yeni bədəndə məhz öz yurduna qayıtsın. Xanədanlar dövründə isə ölən insanın ruhunun başqa aləmdə yaxşı qarşılanaraq yenidən dünyaya qaytarılması üçün xüsusi mərasimlər keçirilirdi. Onlara görə ruhların yenidən dünyaya qayıtması işinə Osiris rəhbərlik edirdi. Bu inancların günümüzə qədər gəlib çıxmayan "Misirin Ölülər Kitabı"nda da təsvir edildiyini söyləyirlər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search